Bərdə bələdiyyəsi 1999-cu ildə yaranmışdır. Bərdə şəhərində əhalinin sayı 39000, seçicilərin sayı isə 17800 nəfər təşkil edir. Bələdiyyə üzvlərinin sayı 15 nəfərdir. Bərdə bələdiyyəsində 26 işçi çalışır. Bələdiyyə 5 şöbədən ibarətdir. 3 daimi komissiya fəaliyyət göstərir. Bundan başqa ictimai nəzarət komissiyası fəaliyyətdədir ki, onun vəzifəsi bələdiyyədə şəffaflığın təmin olunması, bələdiyyə-vətəndaş münasibətlərinə nəzarət etməkdir.
Bələdiyyənin əsas gəlir mənbələri fiziki şəxslərdən torpaq və əmlak vergisi, icarə haqqları, mehmanxana rüsumu və mədən vergilərindən təşkil olunmuşdur ki, bu da illik olaraq 80 000 AYM proqnozlaşdırılır. Əldə olunan gəlirlər yerli sosial problemlərin həllinə, vətəndaşların rifahlarının yaxşılaşdırılmasına, şəhərin inkişafına və bələdiyyənin saxlanmasına sərf olunur.
Bərdə şəhəri qədim tarixə malikdir. Şəhərdə yerləşən Bərdə türbəsi, Nüşabə qalası, İmamzadə və s. tikililər Bərdənin qədimliyinə əyani sübutdur. Bərdə coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malikdir və hal-hazırda Aran-Qarabağ regionunda əhəmiyyətli mövqede yerləşir. Bərdə qədimdə olduğu kimi hazırda da əsas ticarət mərkəzlərindən sayılır.
Ölkədə gedən inkişaf Bərdədən də yan keçməyib. Şəhər günü-gündən böyüyür və inkişaf edir. Milli olimpiya kompleksinin istifadəyə verilməsi, diaqnostika mərkəzinin tikintisi, yeni ticarət mərkəzinin istifadəyə verilməsi, əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün Heydər Əliyev adına parkın salınmasına başlanması və s. bu inkişafın göstəricisidir.
Bərdə şəhəri və bələdiyyəsi haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə saytımıza daxil olun və bizim haqqımızda biliklərinizi artırın.